“2018- ci ilin Gəncə hadisələri: terror, təxribat, yoxsa ictimai etiraz. Reallıqlar və uydurmalar” mövzusunda H E S A B A T

mumi məlumat. 2018- ci ilin iyul ayında Azərbaycanın ikinci böyük şəhəri Gəncədə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə şəhər sakini Yunus Səfərov tərəfindən “Makarov” markalı tapança ilə atəş açılaraq yaralanması ilə nəticələnən hadisə baş verib. Hadisənin ilk günlərində hakimiyyət yetkililəri bu hadisəni şəxsi zəmində baş vermiş hadisə adlandırsalar da sonradan bunu “terror”, “hakimiyyəti zorla ələ keçirmə”, “konstitusiya qurluşunu zorla dəyişdirməyə və dini dövlət qurmağa cəhd” və s. kimi qiymətləndiriblər. Polisdə olduğu müddətdə Yunus Səfərovun ağır işgəncələrə məruz qalaraq ölümcül şəkildə fotosu çəkilib sosial şəbəkələrdə paylaşılıb. Naməlum qüvvələr tərəfindən facebook üzərindən 10 iyula Gəncədə İcra Hakimiyyəti binasının qarşısına saat 20.00-a şübhəli mitinq təyin olunub. Rəsmi məlumata görə meydanda 150- 200 nəfər iştirak edib. Hadisə zamanı Rəşad Böyükkişiyev adlı əvəllər məhkum olunmuş və axtarışda olan şəhər sakini DİN Nizami və Kəpəz rayon Polis İdarələrinin rəis müavinləri İlqar Balakişiyev və Səməd Abbasovu xəncərlə qətlə yetirərək çoxsaylı polislərin və insanların arasından rahatca çıxıb ərazini tərk edib. Hadisə günü və sonrakı günlərdə 200- dən çox (müxtəlif mənbələr bu rəqəmin 500- ə yaxın olduğunu qeyd edir-red.) yaxın insan həbs olunub, bəzi şəxslər müəmmalı şəkildə qətlə yetirilib. Sonrakı günlərdə Respublika baş prokurorluğunun rəsmi məlumatına görə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə hadisələri ilə bağlı ümumilikdə 77 nəfər haqqında cinayət işi açılaraq məhkəmə qərarı ilə həbs- qəti imkan tədbiri seçilib. 11 nəfər haqqında axtarış elan olunub…  Eyni zamanda 2- si polis olmaqla ən azından 10 nəfər qətlə yetirilib.

Hesabatın hazırlanmasında məqsəd. Məqsəd 2018- ci ilin iyul ayında Gəncədə çoxlu sayda insanların həbs olunması, ağır işgəncələrə məruz qalması və qətlə yetirilməsi ilə bağlı hadisənin baş vermə səbəblərini, təfərrüatını, nəticələrini araşdırmaqdır. Yaxın tariximizə növbəti qanlı olay kimi düşmüş bu hadisəni obyektiv dəyərləndirməkdir.

Hesabatın hazırlanmasında istifadə olunan metodologiya. Hesabat hazırlanarkən maraqlı tərəflərlə, həbs edilən və qətlə yetirilən şəxslərin valideynləri, ailə üzvləri ilə görüş keçirilib. Onların iştirakı ilə müzakirələr aparılıb. Eyni zamanda hadisələrlə bağlı ittihamçı mövqedən çıxış edən Daxili İşlər Nazirliyi və Respublika baş prokurorluğunun rəsmi açıqlamaları ilə tanış olunub, təhlil edilib. Hər iki qurumun məsul şəxsləri ilə görüşülüb, onlarla müzakirələr aparılıb. Təqsirləndirilən şəxslərlə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsi və Gəncə Apellyasiya məhkəməsində məhkəmə proseslərində iştirak olunub və məhkəmə proseslərinin monitorinqi aparılıb. Təqsirləndirilən şəxslərin, şahidlərin, zərərçəkənlərin, ittiham tərəfinin və s. fikirləri dinlənilib. Təqsirləndirilən şəxslərlə bağlı İttiham Aktları, məhkəmə hökmləri, Məhkəmə tibbi ekspertiza rəyləri, aidiyyatı qurumların məktubları və s. araşdırılıb. Hadisə zamanı çəkilmiş video görüntülərə baxış keçirilib.

Gəncə Hadisələri_HESABAT-2019