ARAŞDIRMA: Nuridəyə edilən zülm, qadının haqqı və dövlətin məsuliyyəti…_Aytən Məmmədova

“Bəzən əri onu elə döyürdü ki, görəndə məəttəl qalırdıq. Üz-gözü şişmiş vəziyyətdə, qançır olurdu. Evləri xarabaya bənzəyirdi. Yağış yağanda içəri girmək mümkün deyildi, hər yer nəm olurdu, ətrafda siçanlar yuva salmışdı. Əri isə qazandığı pulu içkiyə verirdi. Hamımızın o qadına yazığımız gəlirdi…” – bu 28 yaşlı Nuridə Kərimova barəsindəki cinayət işində qonşunun ifadəsidir.

Gənc qadın həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilərək həbs olunmuşdu. Amma sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət verib azadlığa buraxdı. Prokurorluq bu hökmə etiraz edib protest versə də, Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişmədi. Prokurorluq daha sonra Ali Məhkəməyə kassasiya protesti verdi. Bu instansiya isə qərarı ləğv eləyib, işi yenidən baxılması üçün geri qaytardı. İndi Bakı Apellyasiya Məhkəməsi bir daha bu məsələni araşdırmalıdır.

Nuridə həyat yoldaşı Vüqarın onun vurduğu bıçaq zərbəsindən öldüyünü inkar eləmir. Ancaq and-aman eləyir ki, onu öldürmək niyyəti olmayıb. Həmin vaxt hadisələr xoşagəlməz hadisələr yaşanıb ki, nəticə də belə faciəvi olub…

Cəlilabad rayonundan olan Nuridə 2009-cu ildə valideynlərinin məsləhəti ilə Kürdəmir sakini Vüqar Kərimovla ailə qurub. Birgə nikahdan 2012-ci ildə bir qız övladları dünyaya gəlib. Evləndikdən az sonra ailədə münasibətlər ürəkaçan olmayıb. Səbəb isə ailə başçısının spirtli içkilərə qurşanması, narkotik vasitələrdən istifadə etməsi, həyat yoldaşına, azyaşlı qızına qayğı göstərməməsi, Nuridəni döyüb-incitməsi olub.

Nuridəyə edilən zülm, qadının haqqı və dövlətin məsuliyyəti_Araşdırma_Aytən Məmmədova