“Həbs yerlərində saxlanma şəraiti: mövcud vəziyyət, Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair” HESABAT

“Həbs yerlərində saxlanma şəraiti: mövcud vəziyyət, Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair”

 

HESABAT

Ümumi məlumat. Təqdim olunan hesabat Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanıb. Hesabatın hazırlanmasında qanunsuz həbs həyatı yaşamış keçmiş siyasi məhbusların və onların vəkillərinin təqdim etdiyi məlumatlardan istifadə olunub, yerli və beynəlxalq təşkilatların hesabatları nəzərdən keçirilib, həmin hesabatların müqayisəli təhlili aparılıb. Həmçinin hazırda həbsdə olan bəzi məhbusların, onların vəkillərinin, ailə üzvlərinin fikirləri öyrənilib, onlardan müsahibələr götürülüb.  Bakıda və regionlarda mövcud olan İstintaq Təcridxanalarında, Cəza Çəkmə Müəssisələrindəki mövcud vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb. Yerli və beynəlxalq qanunvericilik aktları araşdırılıb.

Hesabat 2 istiqamətdə aparılan araşdırmaları, təhlilləri özündə ehtifa edir; həbs yerlərində saxlanma şəraiti və siyasi məhbus problemi.

Hesabatın hazırlanmasında məqsəd. Məqsəd Azərbaycanda siyasi məhbus problemini gündəmə gətirmək, problemi doğuran səbəbləri və çıxış yollarını araşdırmaq, həllinə nail olmaq, həbs yerlərində saxlanma şəraiti ilə bağlı vəziyyətin yaxşılaşdırılması, məhbus hüquqlarının yerli və beynəlxalq qanunvericilikdə təsbit edilmiş qaydada təmin olunmasına yardımçı olmaqdır. Hesabat qeyd olunan problemlərin həllinə təsir aləti kimi götürülür, problemin ictimai gündəmə gətirilməsi, aidiyyatı yerli və beynəlxalq qurumlara təqdim olunması, həmçinin ictimai nəzarət funksiyasının həyata keçirilməsinə yardım kimi nəzərdə tutulur.

Hesabatın hazırlanmasında çətinlik yaradan məqamlar. Həbs yerlərində ətraflı monitorinq aparmaq, mövcud vəziyyəti araşdırmaq, məhbusların hüquq və vəzifələrinin nə dərəcədə təmin olunmasını  müəyyənləşdirmək, müqayisəli təhlil aparmaq üçün dəfələrlə cəhd edilsə də Hesabat müəllifləri Ədliyə nazirliyi Penitensiar Xidmətin rəhbərliyi tərəfindən həbs yerlərinə buraxılmayıb.

Eyni zamanda Hesabatın daha da dolğun, əhatəli və obyektiv hazırlanması üçün bir sıra məsələlərin aydınlaşması, statistik rəqəmlərin dəqiqləşdirilməsi mümkün olmayıb. Çünki bu məlumatların bir çoxu informasiya sahibi kimi Ədliyə nazirliyinin Penitensiar Xidmətindədir. Təəssüflə qeyd etmək lazımdır ki, bunun üçün Penitensiar Xidmətə “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə uyğun şəkildə rəsmi sorğu ilə müraciət edilsə də adı çəkilən qurum qanunvericiliyin tələblərini pozaraq sorğunu cavablandırmaqdan boyun qaçırıb.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvlərinin həbs yerlərinə buraxılmaması, məhbuslarla görüşə icazə və imkan verilməməsi, eləcə də bəzi informasiyalara çıxış imkanlarının məhdudlaşdırılması Hesabatın hazırlanmasında müəyyən çətinliklər yaradıb. Amma bütün bunlara baxmayaraq alternativ imkanlardan istifadə edilərək hesabatı hazırlayıb ərsəyə gətirmək mümkün olub.

SMMM Hesabat_2018- Həbs Yerlərində Saxlanma Şəraiti