Pozitiv diskriminasiya_Jurnalist araşdırması_Könül Alı

“Pozitiv diskriminasiya” hüquqların məhdudlaşdırılmasıdır – ARAŞDIRMA

08.03.2018

“Pozitiv diskriminasiya”  hüquqların məhdudlaşdırılmasıdır – ARAŞDIRMA

Qadınların səlahiyyətləndirilməsi, diskriminasiyaya məruz qalmama, bərabərlik hüququ “Gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti deməkdir.” Son olaraq 2018-ci il martın 3-də Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 saylı Konvensiyasına qoşulub. Konvensiyanın şərtlərinə görə bütün insanlar irqindən, dinindən və ya cinsindən asılı olmayaraq öz maddi rifah və mənəvi inkişaflarını azadlıq və ləyaqət, iqtisadi sabitlik və bərabər imkanlar şəraitində həyata keçirmək hüququna malikdirlər. Azərbaycan Konstitusiyasına görə də ölkədə yaşayan bütün vətəndaşlar cinsinə, dilinə, dininə, irqinə görə bərabər hüquqa malikdir. Azərbaycanda Gender bərabərliyinin vəziyyəti, gender qanununa görə tənzimlənməlidir. Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz qalsa da, qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər, müəyyən mənada özlərini inkişaf etdiriblər. Hələ 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə düşdü. Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul etmiş və onlara qoşulmuşdur. 2006-cı ildə əlavə olaraq Gender Bərabərliyi haqqında yeni qanun qəbul olunub. Gender qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.

Pozitiv diskriminasiya_Jurnalist araşdırması_Könül Alı